İngiltərənin Kembric Universitetinin elmi işlər üzrə direktoru, Devid Mundi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Qonaq institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb.
Görüş çərçivəsində Fizika İnstitutu ilə Kembric Universiteti arasında birgə elmi layihələrin həyata keçirilməsi, müasir standartlara cavab verən maddi-texniki bazanın yaradılması, kadr hazırlığı və uzunmüddətli elmi mübadilələrin aparılması məsələləri müzakirə edilib.
D.Mundi institutun İnnovasiya sektorunda fəaliyyət göstərən cihazlarla yaxından tanış olub.
Görüşdə elmi müəssisənin elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, İnnovasiya sektorunun rəhbəri, professor Emil Hüseynov və başqaları da iştirak ediblər.
A.Zeydullayeva