Vergilər Nazirliyinin 2014-cü ildə həyata keçirdiyi səyyar yoxlamaların yekunları üzrə dövlət büdcəsinə ödənilmək üçün əlavə hesablanmış vəsaitin həcmi 905 mln. 423,6 min manat təşkil edib, bu isə 2013-cü ilin göstəricisindən 31,3% çoxdur. Bu barədə nazirliyin saytında məlumat verilir.
Məlumata əsasən, 2014-cü ildə vergi ödəyicilərinin 99,4%-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib.
“2014-cü ildə başa çatdırılmış səyyar vergi yoxlamaları nəticəsində 905 mln. 423,6 min manat əlavə vəsait hesablanıb. Bu məbləğin 62%-ni əlavə hesablanmış vergi məbləği, 38%-ni isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlə birgə) təşkil edib. Ümumilikdə 2013-cü illə müqayisədə 2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları zamanı cəmi əlavə hesablamanın məbləği 31,3% artıb”, - deyə nazirliyin məlumatında deyilir.
Əlavə hesablanmış vəsaitlərdə mənfəət vergisi 16,6%, əlavə dəyər vergisi 29,1%, ödəmə mənbəyində tutulan vergi 40,8%, sadələşdirilmiş vergi 1,6%, qalan göstəriciləri digər növ vergilər təşkil edib.
Ötən il başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanmış cəmi əlavə vəsaitin məbləği 78,6 min manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 8,3% çoxdur.
A.Əzizov