2014-cü ilin dekabr ayında Azərbaycanda inflyasiya noyabr ayı ilə müqayisədə 0,5% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.
Ötən ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri 1,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməz qalıb.
Dekabrda ərzaq malları qrupu üzrə çovdar və qarışıq undan çörəyin, mal və qoyun ətinin, günəbaxan yağının, müxtəlif içli şokoladlı konfetlərin, bananın, limonun, naringinin, portağalın, göyərtinin və kələmin qiymətlərində ucuzlaşma qeydə alınıb.
Eyni zamanda, hesabat ayında buğda ununun, düyünün, qarabaşaq yarmasının, kərə və zeytun yağının, süfrə duzunun, şəkərin, südün, yumurtanın, almanın, armudun, narın, şabalıdın, kartofun, soğanın, sarımsağın və şirin bibərin qiymətlərində bahalaşma müşahidə olunub.
Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində respublikadan kənara dəmir yolu və hava nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma qeydə alınıb.
2014-cü ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 1,4% təşkil edib.
N.Abbasova