Kənd Təsərrüfatı Nazirliyi indiyədək 4810-a qədər heyvandarlıqla məşğul olan fermer təsərrüfatı və digər dövlət baytarlıq nəzarəti obyektlərinin elektron qeydiyyatını həyata keçirib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Kənd təsərrüfatı heyvanlarının qeydiyyatı, heyvan xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri, aylıq və rüblük baytarlıq hesabatlarının XEMS və Az.VET elektron informasiya sistemində həyata keçirilməsi işləri davam etdirilir”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, KTN beynəlxalq ekspertlərin yardımı ilə “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması üçün texniki şərtlərin hazırlanmasını başa çatdırıb.
Nazirlik sistemin ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və təşkilati çərçivələri təhlil edib.
Yeni sistem “İnteqrasiya olunmuş Nəzarət Sisteminin” (IACS) prinsiplərinə əsaslanacaq və 7 alt moduldan ibarət olacaq.
Məlumata əsasən, sistemin tətbiqi üzrə praktiki işlərin həyata keçirilməsi məqsədilə nazirlik tərəfindən beynəlxalq məhsələtçilər qrupundan ibarət konsorsium seçilib.
Bundan başqa, nazirlik 19 elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edib.
Xəbər verildiyi kimi, 2014-cü ilin aprel ayında prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinə üç il müddətində mərhələlərlə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması tapşırılıb.
Sistem beynəlxalq təcrübəyə əsaslanmaqla aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün yaradılacaq. Nazirlik ildə bir dəfə bu sistemin yaradılmasına dair işlər barədə prezidentə məlumat verməlidir.
A.Axundov