Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətləri yanvarın 15-dən azaldılacaq. Bu barədə Tarif Şurasının məlumatında deyilir.
Tarif Şurasının qərarına əsasən, prezident İlham Əliyevin göstərişi əsasında yanvarın 15-dən Aİ-92 markalı beniznin bir litrinin qiyməti hər litr üçün 0,70 manat (azalma 0,02 manat) dizel yanacağının qiyməti 0,6 manat (azalma 0,02 manat) təşkil edəcək. 1 litr bezin və yanacağın qiymətinə yol vergisi də daxildir.
Bundan başqa, yanvarın 15-dən 1 ton maye qazın qiyməti 300 manatdan 263,6 manata qədər azalacaq. Yol vergisi nəzərə alınmaqla qiymət 1 ton üçün 300 manat təşkil edəcək.
Xəbər verildiyi kimi, Tarif Şurasının qərarı ilə yanvarın 13-də Aİ-92 markalı benzinin bir litrinin qiyməti 0,72 manata qədər (artım 0,02 manat), dizel yanacağının qiyməti 0,62 manata ( artım 0,02 manat) qədər artırılıb.
Aİ-92 markalı benzinin pərakəndə satış qiymətinin qaldırılması barədə qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minmiş yol vergisi mexanizminin tutulma qaydasının dəyişməsi ilə əlaqədardır.
2015-ci ilə qədər avtomobil sahibləri tərəfindən illik yol vergisi texniki baxışdan keçərkən avtomobilin mühərrikinin həcmindən asılı olaraq ödənilirdi, hüquqi şəxslər vergi bəyannaməsi təqdim edərkən təşkilatın balansında olan avtomobillərə əsasən vergi ödəyirdi. Fiziki və hüquqi şəxslər faktiki olaraq bütün nəqliyyat vasitələri üzrə, onların işə yararlı vəziyyətdə olub-olmasından, hazırkı vəziyyətdə istifadə edilib-edilməməsindən asılı olmayaraq vergi ödəməli idilər.
2014-cü ilin dekabrında və 2015-ci ilin yanvar ayında Vergi Məcəlləsinə edilmiş düzəlişlərə əsasən, yol vergisinin ödənilməsində yeni qaydalar nəzərdə tutulub. Vergi dərəcəsi ölkədə istehsal olunan və ya ölkəyə xaricdən idxal edilən benzin, dizel yanacağı və təbii qazın pərakəndə satışı zamanı hər litr üçün 0,02 manat təşkil edəcək.
Ümumilikdə təsbit edilmiş məbləğ nəticəsində hər bir avtonəqliyyat sahibi nəqliyyat vasitəsinin istifadə tezliyindən asılı olaraq vergi ödəyir (avtomobili nə qədər çox istifadə edirsə, o qədər çox vergi ödəyir).
Hökumətin qiymətləndirmələrinə görə, yeni yol vergisinin tutulma mexanizmi dövlət büdcəsinə 78 mln. manat məbləğində əlavə daxilolmanı təmin edəcək