Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Bakı yaxınlığında Milli Nüvə Tədqiqatları Mərkəzinin inşasını təhlükəsiz hesab edir.
“Tədqiqat reaktorları az gücə malik olur. Onlar şəhərlərdə yerləşir. Misal üçün, Dubna şəhərində Kurçatov İnstitutu fəaliyyət göstərir”, - deyə F.Tağızadə bu cür obyektlərin iri şəhərlərin yaxınlığında inşası zamanı mümkün risklər barədə jurnalistlərin verdiyi suala cavabında bildirib.
“Heç bir xalq, heç bir ölkə özünü təhlükə altına qoymaz. Bunun qorxulu və təhlükəli olduğunu demək olmaz, həm də MAQATE-nin bütün şərtlərinə riayət olunarsa”, - deyə o qeyd edib.
Nazir müavini qeyd edib ki, MAQATE-nin tələblərinə gəlincə, Nüvə Tədqiqatları Mərkəzinin yaradılması prosesi çox zaman alacaq.
“Mərkəzin inşası və istifadəyə verilməsindən öncə MAQATE-nin 19 bənddən ibarət olan tələblərinin icrası üzrə iş həyata keçirilməlidir. Həmin bəndlərə milli konsepsiya, nüvə təhlükəsizliyi qaydaları və normaları, yanacağın sonradan gizlədilməsi və bir çox digər müddəalar daxildir. Yəni bu, çox ciddi, böyük iş və sənədlər paketidir”, - deyə o vurğulayıb. F.Tağızadə qeyd edib ki, Nazirlər Kabinetinə bütün bu məsələrə baxacaq 14 nazirlik və idarələrin iştirakı ilə böyük işçi qrupunun yaradılmasına dair təklif göndəriləcək.
“Hesab edirəm ki, hazırlıq işi ən azı 2-3 il aparacaq. Layihələndirməyə başlamazdan əvvəl reaktorun necə olması və onun gücü barədə məlumatlı olmaq lazımdır. Bu, çox uzun prosesdir”, - deyə F.Tağızadə bildirib.
O qeyd edib ki, layihənin reallaşması zamanı mətbuatla iş MAQATE və Avropa İttifaqının tələblərindən biridir.
“Təhlükəsizlik tədbirləri və bu prosesin necə həyata keçirilməsi, marşrutun işlənməsi, hansı taralarda və necə qorunub saxlanması (nüvə maddələri - İF-Az) məsələlərindən başqa, MAQATE və Aİ-nin əsas tələblərindən biri kütləvi informasiya vasitələri ilə ünsiyyət və əhalinin məlumatlandırılmasından ibarətdir”, - deyə o qeyd edib.
F.Tağızadə Azərbaycanda ərazilərin yod və bromdan təmizlənməsi üzrə həyata keçirilən işləri misal olaraq qeyd edib.
“Mən yollarda tıxacların aradan qaldırılması məqsədilə maddələri gecə nəql etməyi təklif etmişəm. Beynəlxalq ekspertlər qəti surətdə “yox” dedilər. Çünki insanlar dəhşətli nəyinsə nəql olunduğunu düşünə bilərlər. Ən yaxşısı, hər kəsin şahidi olması məqsədilə bunu günorta vaxtı etməkdir”, - deyə o vurğulayıb.
“Mass-medianın daşımaların marşrutunu bilməsi zəruridir. İnsanların sakitliyi üçün. Çaxnaşmanın yaranması çox pis haldır”, - deyə o, sonda bildirib.
F.İsazadə