Prezident İlham Əliyev beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında daha fəal iştirak etməsinin vacibliyini vurğulayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Çərşənbə günü İ.Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə qeyd edib ki, Azərbaycan münaqişənin tez bir zamanda sülh yolu ilə nizamlanmasında maraqlıdır və ölkəmiz beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsi istiqamətində irəliləyişə nail olunması üçün səylərini əsirgəmir.
Bu prosesdə Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edən dövlət başçısı bu vəziyyətin uzun zaman davam etdirilməsinin yolverilməz olduğunu bildirib. İ.Əliyev münaqişənin ədalətli həlli istiqamətində Minsk Qrupunun həmsədrlərinin, həmçinin beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının və onun müxtəlif qurumlarının daha fəal addımlar atmasının vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev