2015-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda işləyən 22,524 min əcnəbi vətəndaş Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta ayırmaları həyata keçirir ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 31,7% çoxdur. Bu barədə DSMF-in məlumatında deyilir.
Dövlət sosial sığorta sistemində fərdi hesabı olan əcnəbilərin 89,1%-ni kişilər, 10,9%-ni isə qadınlar təşkil edir.
2014-cü ildə DSMF tərəfindən Azərbaycanda çalışan 5,425 min nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb.
Hazırda 104 ölkənin vətəndaşları DSMF-də qeydiyyata alınıb. Bu şəxslər üçün fərdi sosial sığorta hesabları açılıb və onların həyata keçirdiyi məcburi dövlət sosial sığorta ödənişləri bu hesablara yığılır.
Məlumatda vurğulanır ki, DSMF-də qeydiyyatda olan əcnəbilərin böyük hissəsi Türkiyəni (12 033 nəfər), Gürcüstanı (2 527) və Rusiyanı (1 249) təmsil edir.
Bundan başqa, fondda İran (870), Çin (753), Hindistan (620), Pakistan (463), Böyük Britaniya (346), Ukrayna (253), Özbəkistan (237), Banqladeş (202), Filippin (193), Almaniya (192), Türkmənistan (184), ABŞ (167), Qazaxıstan (159), İtaliya (150), Koreya Respublikası (142), Bosniya və Herseqovina (132), Malayziya (103) və başqa ölkələrdən qastarbayterlər qeydiyyatdadır.
2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların məcburi sosial sığorta üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb.
N.Abbasova