Azərbaycanda gənclərin inkişafı və təhsili üzrə çoxsaylı dövlət proqramları reallaşdırılır, yeni layihələr hazırlanır. Bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov Bakı və Sumqayıt məktəbliləri arasında Birinci fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimində məlumat verib.
“Gənclər arasında istedad və bacarığın aşkar edilməsi məqsədilə olimpiada və müsabiqələr keçirmək lazımdır. Hesab edirik ki, fənn olimpiadaları yüksək səviyyədə keçirilməli və uşaqlar üçün faydalı olmalıdır”, - deyə C.Bayramov bildirib.
Onun sözlərinə görə, ötən il Təhsil Nazirliyi beş fənn üzrə müxtəlif proqramlar reallaşdırıb. Bundan başqa, məktəblilərə olimpiadaya hazırlaşmağa yardım edən və müsabiqənin şərtləri ilə tanış olmağa imkan verən xüsusi portal hazırlanıb.
“2015-ci ildə nazirlik məktəblilər arasında olimpiadaların keçirilməsinə də diqqət ayıracaq, çünki bu nazirliyin fəaliyyətində prioritetlərdən biridir”, - deyə nazir müavini qeyd edib.
Bundan başqa, C.Bayramov “Təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində nazirliyin işinə toxunub. O qeyd edib ki, respublikada olimpiadalar şəffaflıq şəraitində keçirilir.
“Bu cür tədbirlər aşağı siniflərdə istedadlı uşaqları aşkar etməyə imkan verir. Və naziriyin vəzifəsi məktəblərə bu cür uşaqlarla işin qurulmasında yardım etməkdən ibarətdir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, müsabiqələr və olimpiadalar sağlam rəqabət formalaşdırır və təhsil almağa stimullaşdırır.
Tədbirdə qeyd olunub ki, müsabiqə riyaziyyat, kimya, biologiya və fizika fənləri üzrə keçirilib və üç mərhələdən ibarət olub. Müsabiqədə ümumilikdə 600-ə yaxın məktəbli iştirak edib.
Tədbirdə I, II və III yerlərin qalibləri mükafatlandırılıb. Onlara diplomlar, medallar və hədiyyələr təqdim edilib.
A.Zeydullayeva