Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ABŞ-ın bir sıra dövlət strukturlarının Azərbaycanla bağlı mövqeyinin Bakı və Vaşinqton arasında strateji əməkdaşlıq ruhuna zidd olmasından təəssüflənir.
“Son zamanlar ABŞ-ın bir sıra dövlət strukturları və institutları Azərbaycanla bağlı qərəzli və reallığı əks etdirməyən bəyanatlarla çıxış edirlər. Bu isə iki ölkə arasında strateji əməkdaşlığa ziddir”, - deyə A.Quliyev cümə axşamı Bakıda keçirilən “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələrdə bəyan edib.
ABŞ-da insan haqlarına dair dinləmələrin Azərbaycanda keçirilməsi qərarı ölkədə fəaliyyət göstərən QHT-lərin çoxsaylı müraciətlərindən sonra qəbul edilib.
“QHT-lərin çoxsaylı müraciətlərindən sonra biz ABŞ-da insan haqları ilə bağlı vəziyyətin nəzərdən keçirilməsi, o cümlədən Azərbaycan barəsində bu cür bəyanatların (ABŞ tərəfindən - İF-Az) səbəblərinin müzakirəsinə dair qərar qəbul etdik”, - deyə o vurğulayıb.
Şura sədri, həmçinin ABŞ-da irqi və dini zəmində böyük problemlərin mövcudluğunu qeyd edib.
“ABŞ-da insan hüquqları irqi və dini zəmində pozulur. Quantanamonun fəaliyyət göstərdiyi, Ferqüssonda insan hüquqlarının pozulduğu bir vaxtda nə üçün ABŞ-ln beyin mərkəzləri Azərbaycanı hədəfə alıblar? Ermənistanin Avrasiya İttifaqına üzv olması məsələsinə dair strateji qərarı ABŞ-ın etirazına səbəb olubmu? ABŞ Ermənistanda QHT-lərin 78, Gürcüstanda isə 102 üzvünün siyasi məhbus elan edilməsinə niyə münasibət bildirmir?”, - deyə o sual edib.
Azərbaycanın ABŞ-ın strateji tərəfdaş qismində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini vurğulayan A.Quliyev qeyd edib ki, “Vaşinqton keçmiş diplomatların vasitəsilə Azərbaycana ismarıclar göndərir”.
“ABŞ-ın Kozlariç, Kramer kimi keçmiş diplomatları açıq şəkildə Azərbaycana ünvanlanan çağırışlarla çıxış edirlər. Onlar, eks-diplomatlar olaraq öz adlarından çağırışlar səsləndirə bilməzlər. Hesab edirəm ki, bu rəsmi şəxslər Azərbaycan barəsində bu cür qərəzli bəyanatları özbaşına səsləndirə bilməzlər”, - deyə deputat vurğulayıb.
O bildirib ki, ABŞ-ın rəsmi şəxsləri çağırışları ilə Vyana Konvensiyasını ciddi şəkildə pozurlar.
A.Quliyevin sözlərinə görə, Azərbaycan milli maraqlarını müdafiə edən siyasət yürüdür və bu cür təzyiq ölkənin siyasi kursuna təsir etməyəcək.
F.İsazadə