Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsində Ankaranın Bakıya göstərdiyi dəstək üçün həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə edildi. Bir daha cənab Prezidentə minnətdarlıq bildirdim ki, Türkiyənin mövqeyi dəyişməz olaraq qalır. Türkiyə bu məsələdə ədaləti, haqqı, beynəlxalq hüququ dəstəkləyir, öz qardaşlarını dəstəkləyir”,- deyə İ.Əliyev cümə axşamı Ankarada iki dövlətin prezidetlərinin görüşünün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair qərarına baxmayaraq, Ermənistan 20 ildən çoxdur Azərbaycan torpaqlarının işğalını davam etdirir.
“Halbuki, BMT Təhlükəsizlik Şurası - dünyanın ən üst qurumu 4 qətnamə qəbul etmişdir ki, Ermənistan işğalçı qüvvələri bu torpaqlardan çıxsın. Bu qətnamələr icra edilmir. Bu, onu göstərir ki, Ermənistan sülh istəmir və əfsuslar olsun ki, Minsk qrupu da bu işlərdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə, əfsuslar olsun ki, yoxdur”,- deyə o vurğulayıb.
Azərbaycan prezidenti münaqişənin həllində müəyyən irəliləyişlərin əldə edildiyini, lakin bununla belə İrəvanın fəal şəkildə Qarabağ probleminin həllinə mane olduğunu söyləyib.
“Keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunurdu. Ancaq Ermənistanın təxribat xarakterli addımları, xüsusilə işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində noyabr ayında genişmiqyaslı təlimlər keçirməsi və Azərbaycan mövqelərinə hücum çəkməsi, əlbəttə ki, Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu. Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmədi”,- deyə İ.Əliyev vurğulayıb.
O qeyd edib ki, bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”,- deyə prezident söyləyib.
Onun sözlərinə görə, bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir amildir və bu amili heç kim inkar edə bilməz.
“Ən böhranlı illərdə belə Türkiyə və Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır, dünya miqyasında bizim rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu, deməyə əsas verir ki, gələcək illərdə də Türkiyə və Azərbaycan inkişaf edəcək və biz daha böyük tərəqqi görəcəyik”,- deyə Azərbaycan prezidenti qeyd edib.