2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə profisiti 25,5 mln. manat və ya hesabat ili ərzində fondun gəlirlərinə nisbətən 0,8% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
2014-cü ildə fondun gəlirləri 2 mlrd. 894,3 mln. manat təşkil edib və 2013-cü ilin analoji dövrü ilə müqayisədə 8,3% artıb.
Ötən il məcburi sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 744,9 mln. manat (2013-cü illə müqayisədə artım 10,2%) təşkil edib. Daxilolmaların 64,6%-i və ya 1 mlrd. 127,2 mln. manat özəl sektordan məcburi sosial sığorta haqlarının payına düşüb (аrtım 13,5%).
Bundan başqa, 2014-cü ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 2013-cü illə müqayisədə 15,1%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 5,4% artıb.
DSMF-in məlumatına görə, hesabat ilində büdcə təşkilatlarından məcburi sosial sığorta ayırmaları üzrə fonda daxilolmalar 618,5 mln. manat (artım 3,3% - İF-Az) təşkil edib.
Ötən il dövlət büdcəsindən DSMF-in büdcəsinə transfertlər 1 mlrd. 142 mln. manat (artım 6% - İF-Az), digər gəlirlər 7,4 mln. manat təşkil edib.
2014-cü ildə fondun xərcləri 2 mlrd. 868,8 mln. manat təşkil edib (artım 10,8% - İF-Az).
Hesabat ilində pensiya ödənişlərinə 2 mlrd. 738,5 mln. manat (artım 10,9% - İF-Az), müavinətlərin maliyyələşdirilməsinə 70,6 mln. manat (artım 13,3% - İF-Az) yönəldilib.
2014-cü ildə DSMF orqanlarının saxlanmasına 22,5 mln. manat, əhaliyə pensiya və müavinətlərin ödənilməsi ilə bağlı bank xərclərinin ödənilməsinə 17,5 mln. manat vəsait xərclənib, qalan məbləğ digər xərclərin payına düşüb.
2014-cü il üçün DSMF-in gəlir və xərcləri 2 mlrd. 928,452 mln. manat səviyyəsində təsdiq edilib.
N.Abbasova