Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində İrəvanın tutduğu qeyri-konstruktiv mövqe böyük sülh sazişi üzərində işə başlamağa mane olur. Azərbaycan Xarici İşlər Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş informasiya buraxılışında belə deyilir.
Sənəddə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putininin, Fransa prezidenti Fransua Ollandın və ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü və iştirakı ilə 2014-cü ildə Soçi, Uels və Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirilib.
“Paris görüşündən sonra F.Olland münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı Böyük Sülh Sazişi üzərində işləməyə çağırıb. 4 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri xarici işlər nazirləri səviyyəsində verdikləri bəyanatda da tərəfləri tezliklə sülh sazişi üzərində işləməyə çağırıb. Azərbaycan dəfələrlə bu prosesə hazır olduğunu bəyan edib və bunun münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün mühüm addım olacağını bildirib”,- deyə rəsmi Bakının məlumatında bildirilir.
XİN qeyd edib ki, 2014-cü ildə münaqişənin həlli istiqamətində müsbət meyllərin olmasına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyində dəyişiklik olmayıb.
“Ermənistan danışıqlara xələl gətirmək, mövcud status-kvonu saxlamaq və məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini intensiv şəkildə pozub, işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi təlimlərin keçirib, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini atəşə tutub, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin və maddi-mədəni irsinin dəyişdirilməsi kimi təxribatçı əməllərini davam etdirib”,- deyə sənəddə vurğulanır.
Qeyd olunur ki, il ərzində münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair beynəlxalq ictimaiyyətin mövqeyinin dəstəklənməsi davam etdirilib.
R.Babayev