Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) 2014-cü ildə uğurlu xarici siyasət yürüdüb. Bu barədə XİN-in 2014-cü ilin yekunlarına həsr olunmuş informasiya buraxılışında məlumat verilir.
XİN qeyd edir ki, xarici siyasətin prioritet istiqamətlərini Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi, müstəqilliyi və suverenliyinə qarşı xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, ikitərəfli və çoxtərəfli əsasda münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi, maddi-mədəni irsimizin təşviqi və humanitar diplomatiya, Azərbaycan Respublikası vətəndaşlarının xaricdə hüquqlarının müdafiəsi, diaspora ilə əlaqələr, beynəlxalq sülh, təhlükəsizlik və davamlı inkişafa töhfə verilməsi təşkil edib.
Milli maraqlar, beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq bərabərhüquqlu münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq, çoxşaxəlilik, çeviklik və şəffaflıq prinsipləri əsasında müstəqil xarici siyasət yürüdülüb.
F.İsazadə