Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici seminar keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, FHN Tibb Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Seminarın məqsədi MEK-in əməkdaşlarına sülh və müharibə dövrlərində fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, baş verəcək hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı onları təlimatlandırmaqdır.
MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova tədbirin maarifləndirmə baxımından əhəmiyyətindən söz açıb.
FHN Bakı Regional Mərkəzinin Operativ reaksiyavermə və əməliyyat planlaşdırma idarəsinin rəisi, polkovnik-leytenant Vaqif Teymurov bildirib ki, mərkəzin fəaliyyətində maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Bu cür tədbirlərin əhalinin geniş dairələrini əhatə etməsi üçün mərkəz daim öz fəaliyyətini təkmilləşdirir. Qeyd edilib ki, tədbirlər Bakı şəhərinin bütün rayonlarının icra hakimiyyətləri, bələdiyyələri, orta və ali təhsil müəssisələri ilə birgə keçirilir.
Sonra Bakı Regional Mərkəzinin əməkdaşları müxtəlif mövzularda çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları və partlayışlarla bağlı ətraflı məlumat verib.
Tədbirin praktik hissəsində Bakı Regional Mərkəzinin Xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqları, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə və üzmə vasitələri, Mülki Müdafiə qoşunlarının fərdi mühafizə vasitələri barədə məlumat verilib.
A.Zeydullayeva