Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, E.Abdullayev və həmin universitetin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
E.Abdullayevin qulluq mövqeyindən sui-istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz hərəkətlərə görə ayrı-ayrı şəxslərdən 370 min 586 manat məbləğində pulu rüşvət almaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında, həmçinin təkrarən külli miqdarda rüşvət verməyə cəhd etməsində və külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan 2014-cü ilin iyun ayında onun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib.
Hazırda cinayət işi üzrə universitetin ayrı-ayrı fakültələrinə qanunsuz olaraq tələbələrin köçürülməsi, təhsil aldıqları müddətdə sessiya və yekun dövlət buraxılış imtahanlarından müvəffəqiyyət qiymətlərinin yazılması və onlara ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması ilə bağlı müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.
O cümlədən universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzində İsrail vətəndaşları ilə əlbir olub cinayət əlaqəsinə girərək insan orqan və toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsi faktları araşdırılır.
İş üzrə universitetin və Tibb Mərkəzinin əməkdaşları, cərrahiyyə əməliyyatlarında iştirak etmiş tibb personalı şahid qismində dindirilib, həkim fəaliyyəti ilə bağlı məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, sənədlərin texniki-kriminalistik ekspertizaları təyin olunaraq rəylər alınıb.
İş üzrə kifayət qədər sübutlar toplanıldığından ötən ilin avqust ayında E.Abdullayevin insan orqanların və ya toxumalarının qanunsuz alqı-satqısı üzrə də təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilib.
E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.
Y.Əliyev