M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva və Hyuston Universitetinin rektoru Renu Xatur Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə Amerika nümayəndə heyətinə məlumat verilib, ikitərəfli əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
N.Paşayeva hazırda Oksford Universiteti ilə birgə Azərbaycanın tarixi və mədəniyyətinin araşdırılmasına yönəlmiş böyük bir layihənin üzərində iş getdiyini söyləyib.
Hyuston Universitetinin də bu layihədə iştirak edə biləcəyini qeyd edən N.Paşayeva R.Xatura layihəyə qoşulmaq təklifini irəli sürüb. Öz növbəsində R.Xatur məmnuniyyətlə layihəyə qoşula biləcəklərini bildirib.
N.Paşayeva, həmçinin Azərbaycan qadınlarının cəmiyyətdə tarixən mühüm statusa malik olduğunu vurğulayıb.
Hyuston Universitetinin rektoru fəaliyyət istiqamətləri baxımından hər iki universitet arasında birgə əməkdaşlıq üçün imkanların olduğunu və bu tərəfdaşlığın həyata keçirilməsinə hərtərəfli dəstək göstəriləcəyini bildirib.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), ADA Universiteti və Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilib.
A.Zeydullayeva