Enerji təhlükəsizliyi, əlbəttə ki, bu gün Avropa ilə Azərbaycan arasında gedən danışıqların demək olar, əsas mövzusudur. Bu barədə prezident İlham Əliyev çərşənbə günü Berlində Almaniya kansleri Angela Merkellə keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bəyan edib.
“Azərbaycan tərəfindən irəli sürülmüş layihələr Avropanın enerji xəritəsini dəyişdirir. Avropanın enerji təhlükəsizliyi gələcəkdə, həmçinin Azərbaycanın hesabına təmin ediləcək”, - deyə prezident bildirib.
İ.Əliyev xatırladıb ki, 2012-ci ildə TANAP layihəsinə start verildi, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçildi, ötən ilin sonunda isə “Cənub” qaz dəhlizinin təməli qoyuldu. “Bütün bu layihələrin təşəbbüskarı Azərbaycandır. Eyni zamanda, Azərbaycan bu layihələrin icrası üçün böyük maliyyə yükünü öz üzərinə götürür və əminəm ki, bütün işlər vaxtında icra ediləcək. TANAP layihəsi 2018-ci ildə, TAP layihəsi isə ondan bir il sonra işə düşəcəkdir. Buna nail olmaq üçün, əlbəttə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə daha da sıx əməkdaşlıq aparılmalıdır. Onu da bildirməliyəm ki, bizim təşəbbüsümüzlə gələn ay Bakıda “Cənub” qaz dəhlizinin birinci Məşvərət Şurası keçiriləcək və əminəm ki, bütün məsələlər orada müzakirə ediləcək”, - deyə İ.Əliyev qeyd edib.
Azərbaycanın Almaniya ilə iqtisadi əlaqələri barədə danışan prezident vurğulayıb ki, çoxsaylı alman şirkətlərinin respublikada fəaliyyətini dəstəkləyir. “Hesab edirəm ki, Almaniya şirkətləri gələcəkdə həm podratçı kontraktor, həm investor kimi Azərbaycanda daha da böyük işlər görə bilərlər. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, çoxsaylı infrastruktur layihələri icra olunur, əlbəttə ki, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti davam etdiriləcək”, - deyə İ.Əliyev bildirib.
Öz növbəsində A.Merkel bəyan edib ki, iki ölkənin iqtisadi münasibətlərinin dərinləşməsi üçün potensial var. “Azərbaycanla 2,5 mlrd. avro həcmində ticarət mübadiləsi mövcuddur. Eyni zamanda, düşünürəm ki, Azərbaycanda infrastrukturun yenidən bərpa olunması ilə əlaqədar biz əməkdaşlıq edə bilərik. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar müəyyən töhfəmizi verə bilərik. Bundan başqa, alman şirkətləri təbii ki, hüquqi təhlükəsizliyi gözləyirlər. Cənab Prezident Əliyev, eyni zamanda, burada alman iqtisadiyyatının nümayəndələri ilə görüşmüş, bu haqda da söhbət aparmışdır. Hesab edirəm ki, Azərbaycanda növbəti investisiyaların yatırılması üçün şans və potensial mövcuddur”, - deyə o vurğulayıb.
Almaniya kansleri, həmçinin qeyd edib ki, İ.Əliyev ilə danışıqlar mövzularından biri Azərbaycanda demokratiyanın inkişafı məslələri olub. “İnsan hüquqlarının həyata keçirilməsi ilə əlaqədar müəyyən tənqidi məqamlar da təbii ki, qeyd olunur və düşünürəm, biz Azərbaycan Prezidenti ilə eyni fikirdəyik ki, əməkdaşlığımızı intensivləşdirək, Alman Akademik Mübadilə Xidməti, GTZ, KfW ilə və digər təşkilatlarla əlaqələrimizi daha da sıxlaşdıraq. Düzdür, müəyyən məsələlərlə əlaqədar fikir müxtəlifliyi də mövcuddur və bu, normal haldır”, - deyə Merkel bildirib.
Prezident Əliyev vurğulayıb ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda problemlər var. “Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir. Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur, heç kim həbs edilmir. Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam şəkildə təmin olunur, yüzlərlə mətbu orqan var. Bir daha xatırlatmaq istəyirəm ki, sərbəst və azad internet olan bir ölkədə söz azadlığı boğula bilməz”, - deyə o bəyan edib.
F.Hüseynzadə