2014-cü ildə Azərbaycanın dövlət büdcəsinə vergi borcları 9,6% azalıb. Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd olunur.
Ümumilikdə 2015-ci il yanvarın 1-nə Azərbaycanda vergi ödəyicilərinin 4,1%-nin vergi borcu var.
Nazirliyin məlumatına görə, 2014-cü il ərzində 257,752 min vergi ödəyicisi vergi borclarını (cari vergi borcu daxil olmaqla) tamamilə ödəyib.
Ötən il vergi orqanları 84,465 min vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edib. Borcluların əmlakının siyahıya alınması hesabat dövründə 68,9 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsini təmin edib.
Hesabat ilində fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 13,311 min vergi ödəyicisinin 13,2 mln. manat borcunun dövlət büdcəsinə alınması təmin edilib, 543 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.
Hesabat dövründə səhmdar cəmiyyətlərdə səhmdar (payçı) kimi çıxış edən 1,640 min fiziki şəxs tərəfindən 1 mln. 229,2 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bundan başqa, vergiləri dövlət büdcəsindən yayındırdığına görə 892 vergi ödəyicisi üzrə 33,2 mln. manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
A.Əzizov