Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti 2014-cü ildə dövlət büdcəsinə 4 mlrd. 934,4 mln. manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə departamentin rəisi Zaur
Fətizadə məlumat verib.
“2014-cü ildə departament üçün vergi və rüsum yığımı üzrə plan 4 mlrd. 929,4 mln. manat təşkil edib, dövlət büdcəsinə faktiki olaraq 4 mlrd. 934,4 mln. manat köçürülüb. Beləliklə, plan 100,1% icra edilib”, - deyə Z.Fətizadə “Vergilər” qəzetində (Vergilər Nazirliyinin mətbu orqanı - İF-Az) dərc edilmiş müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2014-cü ilin yekunları üzrə departament Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə bütün vergi yığımlarının 69%-dən çox hissəsini təmin edib. 2012-ci ilin yekunları üzrə bu göstərici 73,1%, 2013-cü ilin yekunları üzrə 72,9% təşkil edib.
Z.Fətizadə qeyd edib ki, 2014-cü ildə departament tərəfindən qeyri-neft sektoru müəssisələrindən vergi yığımı 2 mlrd. 160 mln. manat təşkil edib, bu isə 2013-cü ilin göstəricisindən 8,3% çoxdur.
2015-ci ildə departament üçün dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə plan 4 mlrd. 698,2 mln. manat səviyyəsində müəyyən edilib.
A.Əzizov