“Azərbaycan xalçaları” jurnalının növbəti sayı nəşr olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə jurnalın təsisçisi olan “Azər-İlmə” MMC-dən məlumat verilib.
Jurnalın hər nömrəsində oxucular xalçaçılıq tarixi sahəsində yeni tədqiqat materialları, maraqlı reportaj və müsahibələrlə tanış olmaq imkanı əldə edirlər.
Nəfis tərtibatlı nəşrin 13-cü buraxılışı Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimini əks etdirən yazı ilə başlayır. "Parisdə "Azərbaycan şəhərciyi"nin açılışı" məqaləsi Azərbaycan mədəniyyətinin Avropada təbliğinə həsr olunub.
Akademik Teymur Bünyadovun "Şah əsərimizdi..." məqaləsi ömrünü Azərbaycan etnoqrafiya elminin inkişafına həsr etmiş görkəmli alimin milli xalçaçılıq sənətinin tarixi, onun ayrı-ayrı məktəbləri, nümunələri, həmçinin ötən il istifadəyə verilmiş Xalça Muzeyi haqqında düşüncələrini əsk etdirir.
Professor Vidadi Muradovun "Qırmızı qəsəbə: sinaqoqdan xalçayadək" Azərbaycan, rus və ingilis dillərində təqdim olunmuş məqaləsi Qubanın Qırmızı qəsəbəsinə ekspedisiya materialları əsasında hazırlanıb.
Tarix elmləri doktoru Şirin Bünyadovanın "Namazlıq" məqaləsi Azərbaycanda bu xalçaların yaranma tarixindən, onların naxış-kompozisiya sistemindən, texniki göstəricilərindən bəhs edir.
Türkiyəli xalça tədqiqatçısı Şərifə Atlıhanın "Anadolu və Azərbaycan xalçalarında oxşar xüsusiyyətlər" adlı yazısı da dərc olunub.
"Azərbaycan xalçaları" jurnalının bu sayının üz qabığını 1926-cı ildə Qarabağda toxunmuş və üzərində Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı (may-noyabr 1918-ci il) əks olunmuş xalçanın fotoşəkli bəzəyir.
Nəşrin baş redaktoru əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur.
A.Zeydullayeva