İraqda “İslam Dövləti” (İŞİD) terrorçuları ilə mübarizə iki ilə qədər vaxt apara bilər. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Filipp Hammond ölkəsinin “Skynews” telekanalına müsahibəsində məlumat verib.
“Britaniya qoşunları İraqda iki il ərzində fəaliyyət göstərəcək, çünki İŞİD-in məğlub edilməsinə xeyli vaxt lazımdır”, - deyən nazir əlavə edib ki “biz həmişə bunun uzun zaman alacağını söyləmişik, bu, 3-6 ayın işi deyil, 1-2 il vaxt lazımdır”.
F.Hammond deyib ki, “Böyük Britaniya İraq əsgərlərinin təlimi, avadanlıq nəqli və aviazərbələrin vurulması şəklində ölkəyə əhəmiyyətli kömək göstərir”. Koalisiyada iştirak edən ölkələr isə daha çox iş görə bilərdilər.
“Bizim bütün bunları etməyimizə səbəb öz təhlükəsizliyimizi qorumaqdır. Vətənimizin təhlükəsizliyi İraq dövlətinin və xalqının İŞİD-lə mübarizəsinin dəstəklənməsindən başlayır”, - deyə britaniyalı nazir vurğulayıb.
F.Hammondun bəyanatı İŞİD-lə mübarizədə iştirak edən ölkələrin xarici işlər nazirlərinin London görüşü ərəfəsində səsləndirilib. Görüşdə iştirak edəcəyini bildirmiş 21 dövlətin nümayəndələri arasında ABŞ-ın dövlət katibi Con Kerri vəFransa diplomatiyasının rəhbəri Loran Fabiusun da olacağı gözlənilir. Görüşdə, həmçinin İraqın baş naziri Heydər əl-Abadi də iştirak edəcək.