Ötən il Göygöldə 498 nəfər iş axtaran kimi qeydiyyata alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Onlardan 326 nəfəri öz ixtisasına, peşəsinə uyğun işlə təmin olunub ki, bu da 2013-cü illə müqayisədə 71 nəfər çoxdur. Həmçinin sosial müdafiəyə ehtiyacı olan 9 vətəndaş işə düzəlib, 18 nəfərə isə işsiz statusu verilib”, – deyə Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru Nazim Cəfərov bildirib.
Onun sözlərinə görə, boş iş yerləri səhiyyə sahəsində və özəl müəssisələrdədir.
“Keçən il Məşğulluq Mərkəzinə vaxtında məlumat vermədiyinə görə dövlət müəssisələrindən Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda, Qızılca qırma-daş zavodunda araşdırmalar aparılıb, cərimələr tətbiq edilib. Bu il ərzində də həmin tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, – deyə N.Cəfərov qeyd edib.
Göygöl rayon Məşğulluq Mərkəzi tərəfindən 2014-cü ildə 15 nəfər işsiz vətəndaş peşə kurslarına göndərilib və onlar həmin peşəyə uyğun işlə təmin ediliblər. Ümumilikdə mərkəzdə 590 iş axtaran qeydiyyatdadır.
F.Mehdiyev