Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci ildə Azərbaycanda ÜDM artımını 2,2% səviyyəsində proqnozlaşdırır. Bu barədə fondun saytında dərc edilən yenilənmiş regional proqnozlarda qeyd edilir.
Ötən ilin oktyabr ayında BVF 2015-ci il üçün Azərbaycanda iqtisadi artımı 4,3% səviyyəsində proqnozlaşdırmışdı.
2016-cı ildə BVF Azərbaycanda ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırır.
Fondun qiymətləndirmələrinə əsasən, 2015-2016-cı illərdə Azərbaycanda ÜDM-in nominal həcmi müvafiq olaraq $78,1 mlrd. və $82,6 mlrd. təşkil edəcək.
BVF-nin proqnozlarına görə, 2015-ci ildə qeyri-neft sektorunda ÜDM 4,1%, 2016-cı ildə 4% artacaq. Cari ildə neft sektorunda 0,9% azalma, 2016-cı ildə 0% artım proqnozlaşdırılır.
2015-ci ildə Azərbaycanda inflyasiya 2% (oktyabr ayının proqnozu - 3%), gələn il 3% səviyyəsində proqnozlaşdırılır.
Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyə balansının profisiti $2,5 mlrd. və ya ÜDM-in 3,2%-ni, 2016-cı ildə $2,1 mlrd. və ya ÜDM-in 2,6%-ni təşkil edəcək.
Azərbaycan hökuməti 2015-ci ildə respublikada ÜDM artımını 4,4% səviyyəsində proqnozlaşdırır.
2014-cü ildə Azərbaycanda ÜDM 2,8% artıb.
A.Əzizov