Ermənistan parlamentariləri Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin AŞPA-nın Qarabağ üzrə altkomitəsi çərçivəsində dialoqun aparılmasına dair təkliflərə məhəl qoymamağa davam edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bəyan edib.
“Əfsuslar olsun ki, AŞPA-nın Qarabağ üzrə altkomitəsi fəaliyyət göstərmir, səbəb Ermənistanın nümayəndə heyətinin onun işində iştirak etməməsidir. Altkomitənin fəaliyyəti iki tərəfin iştirakını nəzərdə tutur, Ermənistan nümayəndə heyətinin onun işini boykot etməsi səbəbindən isə bu struktur fəaliyyət göstərmir”, - deyə deputat qeyd edib. O əlavə edib ki, Milli Məclisin nümayəndə heyəti 26-30 yanvar tarixlərində Strasburqda keçiriləcək AŞPA-nın qış sessiyasında fəal iştirak edəcək.
Onun sözlərinə görə, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qarabağ məsələsinə dair sülh danışıqlarında iştirakdan imtina edirlər.
“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etməyə dair Azərbaycan tərəfinin istənilən təşəbbüs və cəhdləri maneə ilə üzləşir, çünki Ermənistan nümayəndə heyəti iştirak etməyərək prosesin irəliləməsinə imkan vermir”, - deyə S.Fətəliyeva qeyd edib.
1915-ci ildə Osmanlı imperiyasında baş verən məlum hadisələrin ildönümünün yaxınlaşması ilə əlaqədar erməni parlamentarilərin AŞPA-da gözlənilən fəallığı ilə bağlı sualı cavablandıran Azərbaycan nümayəndə heyətinin üzvü vurğulayıb ki, Milli Məclisin deputatları İrəvan nümayəndələrinin dünya ictimaiyyətini aldatmaq cəhdlərinə qarşı duracaq.
“Biz Ermənistan nümayəndə heyətinin bəyanatlarının ədalətsiz olduğunu vurğulayaraq çıxışlarımızla qarşı duracağıq. Çünki onlar tez-tez mövcud olmayan proseslərə dair qeyri-real faktları beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırlar”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Ermənistan-Azərbaycan münaqişəsi barədə düzgün məlumatın Avropa parlamentarilərinə çatdırılması istiqamətində böyük iş aparır.
“Biz avropalı həmkarlarla görüşlər zamanı mütəmadi olaraq regionda real vəziyyətə, Azərbaycanda və Ermənistanda baş verənlərə toxunuruq. AŞPA-da Ermənistan tərəfinin yan keçməyə çalışdığı Xocalı soyqırımı, qaçqınlarla bağlı məsələlər qaldırırıq. Ermənistanı ifşa etmək üçün əlimizdən gələni edirik”, - deyə S.Fətəliyeva bildirib.
R.Babayev