“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi 2015-2016-cı dərs ilində Rusiyanın federal büdcəsi hesabına bu ölkənin ali məktəblərinə daxil olmaq istəyən şəxslər üçün sənəd qəbulu elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo”nun mətbuat xidmətindən məlumat verilib.
Sənəd qəbulu və abituriyentlərlə müsahibə yanvarın 26-dan fevralın 20-nə qədər həftənin ara günləri keçiriləcək.
Agentliyin nümayəndəliyi kənar şəxslər və təşkilatlar vasitəsi ilə sənədləri qəbul etmir. Bu proqram üzrə təhsil tamamilə Rusiya büdcəsi hesabına (sənədlərin rus dilinə tərcüməsi, notarius xidmətləri, tibbi arayışların rəsmiləşdirilməsi, tibbi sığorta şəhadətnaməsi üçün ödənişlər və təhsil alınacaq şəhərə gediş haqqı istisna olmaqla) ödəniləcək.
Bəzi mümkün vasitəçilər tərəfindən bu proqram üzrə qəbul üçün göstərilən kömək müqabilində ödəniş edilməsi təklifləri olarsa, bu barədə dərhal “Rossotrudniçestvo” agentliyinin Azərbaycan nümayəndəliyinə məlumat verilməlidir.
A.Zeydullayeva