Martın 29-da Özbəkistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə səfirlikdən məlumat verilib.
“Səsvermə prosesi və Azərbaycanda yaşayan, səs vermək hüququna malik Özbəkistan vətəndaşlarının sayı barədə əlavə məlumat daha sonra veriləcək”,- deyə məlumatda bildirilir.
Özbəkistanda keçiriləcək prezident seçkilərində ölkənin əsas siyasi qüvvələrinin dörd nümayəndəsi mübarizə aparacaq. Onlar Özbəkistan Liberal Demokrat Partiyasının lideri, 1991-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra prezident seçilmiş və bu günə qədər hakimiyyətdə olan İslam Kərimov, Xalq Demokrat Partiyasının lideri Hatamjon Ketmonov, “Milliy Tiklanış” partiyasından Akmal Saidov və “Adolat” partiyasından Nəriman Umarovdur.
Siyasi partiyalar seçkilərdə iştirak etmək üçün zəruri sənədləri yanvarın 17-də ölkənin Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.
F.İsazadə