Belçikanın Vaterloo şəhərində Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Sərgi Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən təşkil edilib.
Fevralın 21-dək davam edəcək sərgidə 23 rəssam və bir heykəltəraşın 105 əsəri nümayiş olunur.
Sərginin açılış mərasimində Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov çıxış edib. O, bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq məktəbi ənənələrinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib.
Mərasimdə Vaterloo şəhər burqamistri Serge Kubla şəhər parkında Şərq dünyasının ədib və şairəsi, eyni zamanda, rəssam olmuş Xurşidbanu Natəvanın bürüncdən heykəlinin qoyulacağını elan edib.
Açılış mərasimində Belçika ictimaiyyətinin nümayəndələri, diplomatik korpusun üzvləri, Avropa İttifaqının müxtəlif qurumlarının əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
A.Zeydullayeva