21 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən ötən il iş yerlərində 60 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Nəticədə təşkilatlara tətbiq edlən 115 min manat məbləğində cərimə dövlət büdcəsinə köçürülüb. Ötən il ərzində iş zamanı ölüm faktına rast gəlinməyib. Bu da işçilərin təhlükəsizliyi ilə bağlı aparılan maarifləndirmə işinin nəticəsidir”, – deyə 21 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Xəqani Səfərov bildirib.
Müfəttişliyin əhatə etdiyi Gəncə şəhəri, Samux və Göygöl rayonlarında olan idarə, müəsisə və təşkilatların 100 min işçisinin əmək müqaviləsi isə elektron-informasiya sisteminə yerləşdirilib.
“Respublikada ilk dəfə məhz Gəncə şəhərində əmək müqavilələrinin elektron-informasiya sistemi yerinə yetirilib. Hər bir vətəndaş sistemə daxil olaraq ad və soyadının sistemə yerləşdirilib-yerləşdirilmədiyini araşdıra bilər”, – deyə X.Səfərov qeyd edib.
F.Mehdiyev