2014-cü il ərzində Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi $200 mln. azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko məlumat verib.
“Bizim əməkdaşlığımız hər zaman qarşılıqlı faydalı olub, müsbət dinamika müşahidə edilib. Lakin Ukraynada müharibə ticarət dövriyyəsinin həcmini bir qədər azaldıb, çünki Ukraynanın Azərbaycana əsas ixrac məhsulları metal, metal konstruksiyalar, ağır maşınqayırma məhsulları olub”, - deyə A.Mişenko bildirib. O qeyd edib ki, bu, hazırda separatçıların nəzarəti altında olan Ukraynanın şərq regionunda istehsal edilən məhsullardır. Nəticədə ticarət dövriyyəsinin həcmi $200 mln. azalıb.
Ancaq buna baxmayaraq, iki ölkə arasında qarşılıqlı münasibətlərin dinamikası yüksək olaraq qalır.
“Dinamika çox yüksək olaraq qalır. Şirkətlərimiz Azərbaycana böyük maraq göstərir”, - deyə diplomat vurğulayıb.
A.Mişenko, həmçinin məlumat verib ki, Ukrayna bu ilin iyun ayında Bakıda keçiriləcək Avropa Oyunlarında fəal iştirak etmək niyyətindədir.
“Bizdən böyük komanda - 150 nəfərdən artıq idmançı birinci Avropa Oyunlarında, bu vacib idman tədbirində iştirak edəcək”, - deyə səfir vurğulayıb.
F.İsazadə