2014-cü ildə Azərbaycanın yol- nəqliyyat sektorunun inkişafına qoyulan investisiyaların ümumi həcmi $2,5 mlrd. təşkil edib. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov bazar ertəsi “Yol infrastrukturunun tikintisi və yenidən qurulmasında yeni texnologiya və innovasiyaların tətbiqi” mövzusunda konfransda çıxışı zamanı bildirib.
“2014-cü ildə yeni yolların salınmasına və mövcud yolların yenidən qurulmasına $1,9 mlrd. investisiya qoyulub. Ümumilikdə son 10 ildə Azərbaycanın yol-nəqliyyat sektorunun inkişafına qoyulan ümumi investisiyalar ölkə iqtisadiyyatına qoyulan investisiyaların 21%-ni təşkil edib”,- deyə o əlavə edib.
Z.Məmmədov qeyd edib ki, son 10 ildə Azərbaycanda ümumilikdə 11 min kilometrdən çox yeni yol salınıb və mövcud yollar təmir edilib, 300 körpü və qovşaq tikilib, yerüstü infrastrukturun hazırlanması üzrə işlər görülüb.
Bu dövr ərzində Bakıda 760 km yol təmir edilib, 70 körpü, 84 yerüstü və yeraltı piyada keçidi tikilib.
Nazir, həmçinin deyib ki, son 10 ildə yükdaşımaların həcmi 5,7%, tranzit yükdaşımaların həcmi 3,4%, sərnişindaşımaların həcmi 3,7% artıb.
“Bütün bu işlər yerli və xarici şirkətlərin iştirakı ilə dövlət investisiyaları və kredit vəsaitləri hesabına həyata keçirilib”, - deyə o qeyd edib.
N.Abbasova