Bu ilin yanvar ayında erməni təxribat qruplarının hücumları zamanı Azərbaycanın üç hərbçisi həlak olub. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var”,- deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyi xatırladır ki, 2015-ci ilin yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var.
Nazirlik bildirir ki, son günlər işğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıblar. Düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhəddində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən şəhid hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər.
Müdafiə Nazirliyi xüsusi olaraq qeyd edir ki, Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmir.
F.İsazadə