2015-ci ildə “AtaBank”ın əsas məqsədləri yeni xidmətlərin tətbiqi, əməkdaşların peşəkar səviyyəsinin təkmilləşdirilməsi, müştərilərin maliyyə savadının artırılması, beynəlxalq reytinq agentliklərindən yüksək reytinqlərin alınmasından ibarətdir. Bu barədə bankın məlumatında deyilir.
“Cari ildə maliyyə göstəricilərinin artımı və institusional inkişafın uğurla davam etdirilməsi də bankın inkişaf strategiyasının ayrılmaz hissəsidir”, - deyə məlumatda qeyd edilir.
Hazırda bankın 2014-cü il üzrə maliyyə təsərrüfat göstəricilərinin auditini beynəlxalq audit şirkəti olan "PriceWaterhouseCoopers" həyata keçirir.
Məlumatda qeyd olunur ki, ötən il bankın aktivləri 54,8% - 580,3mln manata qədər, kredit portfeli 91,4% - 462,7 mln. manata qədər artıb.
2014-cü ilin yekunlarına görə bankda depozit portfeli 60,3% - 511 mln. manata qədər, il ərzində müddətli depozit portfeli 80,8% - 441,4 mln. manatadək artıb.
Bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 2,18% və 23,48% təşkil edib.
İlin nəticəsinə görə bankın xalis mənfəəti 7,6 mln. manat təşkil edib.
2014-cü ilin sonuna bankomatların sayı 78, POS-terminalların sayı isə 18,567 min ədəd təşkil edib.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding”in strukturuna daxildir. “AtaBank” Azərbaycanın 10 aparıcı bankından biridir.
A.Əzizov