2015-ci ildə Azərbaycanda əlil və şəhid ailələri üçün 1 mindən artıq yeni mənzil və fərdi ev istifadəyə veriləcək. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2014-cü ilin yekunlarına dair kollegiya iclasında bəyan edib.
“Hazırda əlil və şəhid ailələri üçün paytaxtda və daha 4 rayonda çoxmənzilli binalar, habelə 52 rayonda 353 fərdi ev tikilir. Ayrılmış vəsait hesabına 2015-ci ildə 1031 ədəd, o cümlədən 487 ədəd fərdi evin və 544 ədəd mənzilin əlil və şəhid ailələrinə verilməsi nəzərdə tutulur”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, ötən il 2014-cü ilin əvvəlinədək növbədə olan bütün vətəndaşlar, yəni 1453 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunub.
“Eyni zamanda, ötən il 174 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib. Möhtərəm dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin ediləcək”, - deyə S.Müslümov qeyd edib.
R.Babayev