Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə dünya birliyini 20Yanvar faciəsnə beynəlxalq qiymət verməyə çağırır.
1990-cı il 20 yanvar günü həlak olmuş şəhidlərin dəfn edilməsinin ildönümünə həsr olunmuş tədbirdə çıxış edən A.Paşazadə söyləyib ki, faciənin səbəbi o zamankı ölkə rəhbərliyinin xalq tərəfindən seçilməyib, mərkəzdən təyin edilməsi idi.
“ O zamankı rəhbərlik (AzərbaycanSSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Əbdürrəhman Vəzirov-İF-Az) imperiyanın köləsi idi”, - deyə A.Paşazadə bildirib.
Onun sözlərinə görə, bu faciəyə görə məsuliyyət SSRİ rəhbərliyinin, birbaşa Mixail Qorbaçovun, marşal Dmitri Yazovun və Yevgeni Primakovun üzərinə düşür.
“1990-cı illərdə Qorbaçov, Yazov və Primakov Azərbaycanı bölüşdürmüşdülər və bunu rəsmiləşdirmək istəyirdilər. Azərbaycana radikal İslam damğası vuraraq buranı dağıtmaq istəyirdilər, ancaq xalq buna imkan verməyib, öz sözünü deyib, Azərbaycanın tolerant ölkə olduğunu sübut edib”,- deyə şeyx bildirib.
QMİ sədri söyləyib ki, küçələrdə həlak olanların dəfn mərasiminə Bakıda və digər şəhərlərdə süni şəkildə maneələr törədilirdi.
“Bizə təzyiqlər başlandı. Hətta həlak olanların dəfninə də mane olurdular. Deyirdilər ki, Dağüstü Park olmaz, hərəni öz qəbiristanlığında dəfn edin. Hətta onlara şəhid deyilməsin. Lakin biz buna yol vermədik, soydaşlarımızı layiq olduğu şəkildə dəfn etdik”,- deyə şeyx qeyd edib.
20 Yanvar hadisələrinə həsr olunmuş tədbir QMİ nümayəndələri tərəfindən Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıb, daha sonra Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr və Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev 20 Yanvar şəhidlərinin ruhuna dualar oxuyublar.
20 Yanvar faciəsində həlak olanların bir hissəsi 1990-cı il yanvarın 26-da Lənkəran, Neftçala və digər şəhərlərdə dəfn edilib.
F.İsazadə