Hesablama Palatası Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlil aparacaq. Bu barədə Hesablama Palatasının məlumatında bildirilir.
Hesablama Palatasının kollegiyası müvafiq təhlilin aparılması proqramını təsdiq edib.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan Dövlət Texniki Kollecinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar vəsaitlərin icrasına dair yoxlama aparılacaq.
Kollegiya, həmçinin dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Xətai rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit proqramını da təsdiq edib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Əzimov