“Azərsu” SC Göyçay şəhərində çirkab suların təmizlənməsi üzrə qurğunun tikintisi üçün podratçı seçir. Bu barədə SC-nin elanında bildirilir.
Seçim “Azərsu” və Asiya İnkişaf Bankının (AİF) birgə həyata keçirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı Layihə-2” çərçivəsində aparılır.
İşlərin həcminə sutkada 20 min kubmetr (pik saatlarda saniyədə 320 litr) su təmizləmək gücünə malik təmizləyici qurğunun inşası daxildir. İkinci mərhələdə çirkab suların təmizlənməsi üzrə bio-qurğuların və və suyun filtrdən keçirilməsi üçün hovuzların inşası planlaşdırılır.
Həmçinin layihə çərçivəsində köməkçi obyektlərin - kompessor binası, müşahidə məntəqəsi, inzibati bina və transformator binasının inşa edilməsi də nəzərdə tutulur.
Tikinti işlərinə istismarın ilk 90 günü nəzərə alınmadan ümumilikdə 365 gün vaxt ayrılır.
Seçimdə illik minimal dövriyyəsi $35 mln. təşkil edən şirkətlər iştirak edə bilərlər. Həmçinin iddiaçılar son üç ildə hər birinin dəyəri $20 mln. olan müqavilələrdə podratçı və ya subpodratçı kimi iş təcrübəsinə və sutkada 20 min kubmetr su təmizləmə gücünə malik qurğunun inşası üzrə ən azı bir müqavilədə iştirak təcrübəsinə malik olmalıdırlar.
Tenderdə iştirak haqqı 300 manat ($350) təşkil edir.
Tender təklifləri 2015-ci il aprelin 10-na qədər qəbul ediləcək.
Xəbər verildiyi kimi, AİB-in Direktorlar Şurası 2011-ci ilin sonunda Azərbaycana su və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün $300 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib. Bu, $600 mln. məbləğində çoxtranşlı maliyyələşdirmə (MFF) çərçivəsində ikinci tranşdır.
İkinci tranşın vəsaitləri, ilk növbədə Ağdaş, Göyçay və Naxçıvanda su və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına yönəlmiş işlərin başa çatdırılmasına sərf ediləcək. Qalan vəsait hesabına layihənin Beyləqan rayonunda da tətbiqi nəzərdə tutulur.
Bakın birinci kredit tranşı $75 mln. təşkil edib.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 15 illik əməkdaşlıq ərzində AİB ölkədə 20 layihənin həyata keçirilməsi üçün ümumilikdə $1 mlrd. 637,4 mln. məbləğində kredit ayırıb. Bu vəsaitin $555 mln.-u su təchizatı və kanalizasiya sahəsində 5 layihənin həyata keçirilməsinə yönəldilib.
N.Abbasova