SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2014-cü ildə Azərbaycanda 58 yaşayış məntəqəsini qazlaşdırıb. Bu barədə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev Yeni Azərbaycan Partiyasının saytında dərc edilmiş müsahibəsində qeyd edib.
“2014-cü ildə, ötən illərlə müqayisədə daha geniş miqyaslı yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlər həyata keçirilib. Nəticədə ötən il ərzində 25 rayon üzrə 58 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib”, - deyə Ə.Hacıyev bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün 1436,56 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 353,9 km qaz kəməri əsaslı təmir olunub. Həmçinin 1 267 ədəd qaztənzimləyici və 779 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb.
“Bütövlükdə 2009-2014-cü illər ərzində 26 642,4 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 8082,5 km uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib və 721 yaşayış məntəqəsinə təbii qaz verilməsi təmin edilib”, - deyə Ə.Hacıyev qeyd edib.
2015-ci il yanvarın 1-nə olan vəziyyətə görə, “Azəriqaz”ın ümumi abonentlərinin sayı 1 mln. 732,266 min təşkil edir. 1 mln. 710,004 min əhali kateqoriyalı abonent, 22,262 min qeyri-əhali abonentidir.
İB-nin baş direktoru qeyd edib ki, 2014-cü ildə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2351 əhali, 51 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Təbii qazdan qeydiyyatsız istifadəyə görə 3182 istehlakçı abonent bazasında qeydiyyata alınıb. Tərtib olunmuş bu cür aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 913,920 min manat dəyərində ziyan hesablanır.
N.Abbasova