2014-cü ildə Azərbaycanda narkotiklərlə bağlı 3 mindən çox cinayət aşkarlanıb. Bu barədə daxili işlər naziri Ramil Usubov məlumat verib.
“2014-cü ildə narkotiklərlə əlaqədar 3046 cinayət, o cümlədən satışı ilə bağlı 801 fakt aşkarlanıb”, - deyə o, çərşənbə axşamı Daxili İşlər Nazirliyində 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı bildirib.
Hüquq mühafizə orqanları tərəfindən 150 nəfərdən ibarət 58 cinayətkar dəstə zərərsizləşdirilib.
“Qanunsuz dövriyyədən 673 kq narkotik vasitə çıxarılıb ki bu da 2013-cü ilin göstəricisindən 9% çoxdur”, - deyə nazir bildirib.
R.Usubov qeyd edib ki, ölkəyə qaçaqmalçılıq yolu ilə 110 kq-a yaxın narkotik maddənin gətirilməsinin qarşısı alınıb.
Qanunsuz kultivasiya edilən 212 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
R.Babayev