Prezident İlham Əliyev qarşıya 2019-cu ilə qədər daxili istehsal hesabına əsas ərzaq məhsullarına tələbat təmin edilməsi vəzifəsini qoyub.
“Mal əti üzrə özümüzü təminetmə səviyyəsi 87%, qoyun əti - 97%, quş əti - 98%, yumurta - 100%, süd və süd məhsulları - 76% təşkil edir”, - deyə İ.Əliyev çərşənbə axşamı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
İ.Əliyevin çıxışının mətni çərşənbə günü rəsmi mətbuatda dərc olunub.
Onun sözlərinə görə, taxıl üzrə bu göstərici 60%, üzüm üzrə 98%, kartof üzrə 90%, bostan məhsulları üzrə 100%, meyvə və giləmeyvə üzrə 120%, tərəvəz üzrə 103%, duz üzrə 87%, şəkər və şəkərdən hazırlanan məhsullar üzrə 170% təşkil edir.
Bitki yağları və marqarin üzrə bu göstərici 77%-ə, kərə yağı üzrə 52%-ə, makaron məmulatları üzrə 58%-ə bərabərdir.
“Biz bütün bu pozisiyalar üzrə 100% səviyyəsinə çatmalıyıq. Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması (2018-ci ildə - İF-Az) nəticəsində biz bütün bu göstəriciləri 100%-dən artıq səviyyədə görməliyik və görəcəyik”, - deyə o qeyd edib.
İ.Əliyev vurğulayıb ki, 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilib və ASK prioritet istiqamətlərdən biridir. “Bu gün kənd təsərrüfatı sektorunun səmərəliliyinin artırılması üçün tədbirlər görülür. Bunun üçün dövlətin xətti ilə müasir kənd təsərrüfatı texnikası, cins mal-qara alınır. Fermerlərə güzəştlər edilir. Fermerlər bildiyiniz kimi, torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübə tətbiq edilməlidir“, - deyə dövlət başçısı bildirib.
Prezident əlavə edib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları qonşu ölkələrə, Avropa ölkələrinə ixrac edilməlidir. “Kənd təsərrüfatı sektoru intensiv üsullarla inkişaf etməlidir. İndi Azərbaycanda aqroparklar tikilir. Aqroparkların su ilə təmin edilməsi məqsədilə su anbarları inşa edilir”, - deyə o qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycanda həmçinin “yaşıl market”lər yaranmalıdır.
A.Əzizov