2014-cü ildə Azərbaycanda regionların inkişafına investisiyaların ümumi həcmi 4,5 mlrd. manat təşkil edib. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib.
“2014-cü ildə regionların inkişafına bütün mənbələr hesabına 4,5 mlrd. manat vəsait yönəldilib”, - deyə Ş.Mustafayev çərşənbə axşamı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Ş.Mustafayevin çıxışının mətni çərşənbə günü rəsmi mətbuatda dərc olunub.
Onun sözlərinə görə, 2014-cü ildə prezident İlham Əliyev regionların inkişafı ilə bağlı 72 sərəncam imzalayıb. Həmin sərəncamlar çərçivəsində 270 mln. manat vəsait ayrılıb.
Ş.Mustafayev vurğulayıb ki, ötən il regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri həyata keçirilib.
Xüsusilə əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb.
Nazir əlavə edib ki, ötən il 5 elektrik stansiyası istifadəyə verilib, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilib və ya əsaslı təmir olunub.
Ş.Mustafayev qeyd edib ki, 2014-cü ildə regionlarda 4,4 min müəssisə fəaliyyətə başlayıb, regionlardan vergi daxilolmaları 9,8% artıb.
A.Əzizov