Azərbaycanda sənaye müəssisələrinin yaradılması üçün sahibkarlara verilən güzəştli kreditlərin həcmi 380 mln. manat təşkil edib. Bu barədə sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“Son illərdə sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalıb, bəziləri üzrə isə ixrac potensialı yaranıb”, - deyə Ş.Mustafayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.
Nazirin çıxışının mətni yerli mətbuatda dərc olunub.
Onun sözlərinə görə, 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 mln. manat güzəştli kredit ayrılıb və artıq 22 zavod istifadəyə verilib.
Son illərdə 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 mln. manat güzəştli kredit verilib. “Bu, istehsalın artmasına, 3 ildə ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub”, - deyə nazir qeyd edib.
Ş.Mustafayev qeyd edib ki, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 mln. manat güzəştli kreditlər verilib. 19 iri fermer təsərrüfatının yaradılmasına 47 mln. manat güzəştli kredit ayrılıb.
Ş.Mustafayev söyləyib ki, ötən illər ərzində dövlət fəal şəkildə məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılmasını kreditləşdirib. 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılmasına kreditlər ayrılıb.
A.Əzizov