Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi üçün qanunvericiliyə düzəlişlər edilməsini nəzərdə tutan layihə qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunlara və Mülki Məcəlləyə düzəlişlər edilməsi planlaşdırılır.
İclasda qeyd edilib ki, düzəlişlər 2004-cü ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun qəbul edildiyi vaxtdan 2006-cı ilin yayında qüvvəyə minməsinə qədər verilmiş daşınmaz əmlak sənədlərinin tanınmasını nəzərdə tutur.
Bundan başqa, dəyişikliklər Sovet dövründə dövlət mənzil fondundan daşınmaz əmlakın ayrıldığı vətəndaşların, eləcə də kollektiv bağ təsərrüfatı üzvlərinin problemlərinin həllini də nəzərdə tutur.
Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin hündürlüyü 12 metrə qədər olan evlərin tikintisinə dair bəndləri ilə də bağlı Mülki Məcəlləyə düzəlişlər edilib.
A.Axundov