Çərşənbə günü Gürcüstan-Türkiyə sərhədindəki Kartsaxi stansiyasında sınaq qatarı xəttə buraxılıb. Bu barədə “AzərTAc” dövlət agentliyi məlumat verib.
Mərasimdə Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov iştirak ediblər.
Nazirlər layihə çərçivəsində tikinti işlərinin gedişi ilə tanış olublar.
G.Kvirikaşvili qeyd edib ki, dəmir yolunun Gürcüstan hissəsinin 180 kilometrinin tikintisi başa çatdırılıb. 2015-ci ilin sonuna qədər bütün işlər yekunlaşdırılacaq.
Hazırda yolun Türkiyə hissəsində tikinti işləri davam edir. Yolun Türkiyə ərazisindəki uzunluğu 74 kilometrdir.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar.
Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
N.Abbasova