ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq zamanı erməni tərəfi yenə də təxribata cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Belə ki, monitorinqdən əvvəl əldə olunmuş razılaşmaya əsasən ermənilər təmas xəttinin qarşı tərəfində monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərini təyin olunmuş koordinatlara düzgün çıxarmayıblar”, - deyə nazirlik bildirir.
Qeyd olunur ki, müəyyən prosedurlar həll edildikdən sonra monitorinqin keçirilməsi mümkün olub.
“Lakin monitorinqin sona çatmasına az qalmış Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq ATƏT nümayəndələrinin olduğu ərazidən bir qədər aralıda mövqelərimizi bir neçə dəfə atəşə tutublar”, - deyə məlumatda vurğulanır.
Müdafiə Nazirliyi bəyan edir ki, beynəlxalq hüququn normalarına və prinsiplərə məhəl qoymayan erməni tərəfinin təxribat xarakterli bu cür əməlləri artıq sistematik hal alıb.
“Düşmən tərəfi hər dəfə təmas xəttində vəziyyəti gərginləşdirməklə beynəlxalq təşkilatların normal fəaliyyətinə şərait yaratmır və onların müəyyən olunmuş vəzifələrinin icrasına məqsədyönlü şəkildə mane olurlar”, - deyə nazirlik bəyan edir.
ATƏT cümə axşamı Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində növbəti monitorinq keçirib.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Piter Svedberq keçiriblər.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.
F.İsazadə