Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr “ Ticarət Mərkəzi SC-nin səhmlərinin 99,89%-i investisiya müsabiqəsində fiziki şəxs tərəfindən əldə edilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir.
“3 namizəd Ticarət Mərkəzinin alınması üçün təklif irəli sürüb. Müsabiqənin qalibi müsabiqə komissiyasının üzvlərinin açıq səsverməsi yolu ilə seçilib”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, investisiya müsabiqəsinə Ticarət Mərkəzinin 514,981 min ədəd səhmi çıxarılıb.
Müsabiqə qalibi 6 ay ərzində SC-yə 1 mln. 180,76 min manat məbləğində investisiya qoymağı öhdəsinə götürüb. İnvestisiyalar Ticarət Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsinə və onun daha müasir ticarət obyektinə çevrilməsinə; yeni avadanlığın alınmasına; müasir yanğından mühafizə qurğularının quraşdırılmasına; ərazinin abadlaşdırılmasına və infrastruktur təminatının yaxşılaşdırılmasına yönəldiləcək. Həmçinin ən azı 50 yeni iş yerinin yaradılmasına imkan verəcək xidmət sahələri açılacaq.
Qalib, həmçinin səhmlərə görə dövlət büdcəsinə 312 min manat köçürməlidir.
“8-ci kilometr” Ticarət Mərkəzi SC 1980-ci ildə istifadəyə verilib. SC-də 40 nəfər çalışır. 2014-cü il dekabrın 1-nə SC-nin nizamnamə kapitalı 1 mln. 31,082 min manata bərabərdir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
2014-cü il dekabrın 1-nə SC-nin öhdəlikləri 44,432 min manata bərabərdir.
N.Abbasova