Yalnız güclü elmi potensiala malik dövlətlər müstəqillik şəraitində belə məsuliyyətli tapşırığın öhdəsindən gələ bilərlər. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Bakıda “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və “Azərbaycan Respublikasının Milli Atlası”nın təqdimat mərasimində çıxışı zamanı bildirib.
“Son zamanlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribatlar artıb, tarixi və coğrafi adlar təhrif edilir”,- deyə A.Əlizadə qeyd edib.
“Milli Atlas tarixi faktlar əsasında tərtib edilib, buna görə də Ermənistan tərəfinin hər hansı ad və məlumatı təhrif etmək cəhdi baş tutmayacaq”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, belə təxribatların qarşısının alınmasının zəruriliyi prezident İlham Əliyevin sərəncamlarında da öz əksini tapıb.
Akademik Milli Atlası özündə coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə birləşdirən gözəl hazırlanmış karoqrafik əsər kimi qiymətləndirib.
“Milli atlaslar məkan haqqında məlumatların infrastrukturu üçün yeganə baza rolunu oynayır”, - deyə akademik bildirib. O, Milli Atlasın nəşrini Azərbaycanın elmi, ictimai və mədəni həyatında vacib hadisə kimi qiymətləndirib.
Tədbirdə çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEA Aqrar elmlər bölməsinin akademik katibi, Milli Atlasın redaksiya kollegiyasının məsul katibi Qərib Məmmədov xəritənin mahiyyətini xarakterizə edərək müasir Ermənistan ərazisində coğrafi adların, bütövlükdə Azərbaycan köklərinə malik olması ilə bağlı əsaslı dəlillər gətirib.
Onun sözlərinə görə, Azərbaycan informasiya müharibəsi zamanı kartoqrafik saxtakarlıqlarla qarşılaşıb və bu gün təqdim edilən xəritə və atlas belə təhriflərə layiqli cavabdır.
“Azərbaycanda bu günə qədər Milli Atlas mövcud olmayıb”,- deyə o əlavə edib.
Komitə sədri, həmçinin atlasın ölkənin sosial-iqtisadi kompleksinin inkişaf proqramının hazırlanmasında analiz və proqnozlaşdırma zamanı istifadə edildiyini söyləyib.
Bundan başqa, Q.Məmmədov elmi araşdırmalarla məşğul olan insanlar üçün atlasın əhəmiyyətini qeyd edib.
O bildirib ki, hazırda Milli Atlasın elektron versiyasının hazırlanması üzərində iş gedir.
Təqdimat mərasimində çıxış edən AMEA-nın Ə.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov söyləyib ki, respublikanın tarixində Atlasın nəşr edilməsi nəşriyyat sahəsindəki uğur kimi qiymətləndirilməlidir.
O, kitabı xalqın zəngin tarixini və dövlətin müstəqilliyini əks etdirən qiymətli mənbə kimi xarakterizə edib. “Atlas yüz il, min il sonra da gələcək nəsillərə böyük fayda verəcək”,- deyə Y.Mahmudov bildirib.
Milli Atlasın tərkibinə daxil edilmiş tarixi xəritələr bu torpaqda qədim dövlətçilik ənənələrinin olmasını parlaq şəkildə sübut edir”,- deyən alim əlavə edib ki,ümumilikdə atlasa Azərbaycan tarixi üzrə 70 xəritə daxil edilib.
Atlas 19 bölmə, 444 səhifədən ibarətdir, bura minə qədər xəritə, diaqram, cədvəl, izahlı mətn və digər məlumatlar daxil edilib. Atlas ölkənin bütün əsas iqtisadi və sosial-mədəni sahələrini əhatə edir.
A.Zeydullayeva