Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi məsələsində AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin nümayiş etdirdiyi mövqeyə haqq qazandırır.
“Demək istəyirəm ki, Rusiyaya qarşı sanksiyanın tətbiq edilməsi məsələsi üzrə səsvermə zamanı biz, ilk növbədə demokratiya və ədalət meyarını əldə rəhbər tutmuşuq”,- deyə Ə.Hüseynli “İnterfaks-Azərbaycan” agentliyinə KİV-lərdə bu məsələ ilə əlaqədar dərc edilən materiallarla bağlı şərh verərkən söyləyib.
Onun sözlərinə görə, AŞPA ən kritik vəziyyətlərdə belə debatların aparılması formatını saxlayan platforma olmalıdır.
“Parlamentarilər yalnız öz ölkələrini deyil, həm də seçiciləri təmsil edən insanlar olaraq sanksiyalara məruz qalmalı deyillər. Bizim AŞPA-dakı nümayəndə heyətimiz məhz bu meyarları əldə rəhbər tutmuşdu. Və ümumiyyətlə əgər sanksiyalardan söhbət gedirsə, AŞPA-nın təcrid etməli olduğu yeganə ölkə işğalçı dövlət olan Ermənistandır”,- deyə Ə.Hüseynli vurğulayıb.
Onun sözlərinə görə, “Ukrayna və Gürcüstan parlamentlərinin nümayəndələrindən fərqli olaraq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti hər zaman Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib.
“Onların isə əvvəlki vaxtlarda olduğu kimi Dağlıq Qarabağ və Azərbaycanda demokratiya məsələləri ilə bağlı həqiqətləri söyləməyə cəsarətləri çatmayıb. Buna görə də onların bizim hərəkətimizə görə fikir bildirməyə mənəvi haqları çatmır. Mən şəxsən əminəm ki, Ukraynada baş verən hadisələr bu ölkədə bir il əvvəl başlamış daxili siyasi böhranın nəticəsidir”, - deyə deputat qeyd edib.
O əmindir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidovun çıxışı və nümayəndə heyətimizin Rusiyaya qarşı sanksiyaların təbiq edilməsinə dair səsvermədə tutduğu mövqe sağlam düşüncənin məhsuludur və Azərbaycan xalqının maraqlarına cavab verir.
R.Babayev