İcbari Sığorta Bürosu (İSB) 2015-ci ilin yanvar ayında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərə və həlak olmuş şəxslərin ailələrinə ümumilikdə 20,75 min manat kompensasiya ödəyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İSB-dən məlumat verilib.
“2015-ci ilin yanvar ayında 5 kompensasiya ödənişi həyata keçirilib”, - deyə bürodan bildirilib.
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, vasitəsilə bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşır. Birincisi, bu, büronun işə başlaması üçün sığortaçıların ödədiyi daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə sığorta haqlarının ümumi məbləğinin 5%-ni büronun hesabına köçürməlidirlər.
Büronun təsisçisi və üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, bu halda hər növə görə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat təşkil edir.
A.Əzizov