Azərbaycan Hökuməti və Şimali Osetiya-Alaniya Respublikası arasında “Ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığa dair” saziş imzalanıb.
Saziş çərşənbə axşamı Bakıda Azərbaycan-Rusiya biznes forumu çərçivəsində imzalanıb.
Sənədi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Şimali Osetiya-Alaniya Respublikası hökumətinin rəhbəri Sergey Takoyev imzalayıblar.
Saziş təhsil, tibb, gənclər siyasəti, turizm və digər sahələrdə əməkdaşlığı da əhatə edir.
S.Takoyev jurnalistlərə bildirib ki, saziş hər iki respublikanın birbaşa və sıx əməkdaşlıq etmək arzusunu həyata keçirməyə imkan verəcək. “Əlbəttə, bu, Rusiya və Azərbaycanın qardaşlıq və dostluq münasibətləri fonunda inkişaf etməlidir”, - deyə o əlavə edib.
S.Takoyevin sözlərinə görə, tərəflər logistika, informasiya texnologiyaları, tikinti materiallarının istehsalı, inşaat, mədəniyyət, turizm və s. sahələrdə əməkdaşlığı inkişaf etdirə bilərlər.
S.Takoyev qeyd edib ki, Şimali Osetiya-Alaniya ilə Azərbaycan arasında mal dövriyyəsi 2014-cü ilin yekunlarına əsasən təxminən $1 mln. təşkil edib. Bununla yanaşı, o əlavə edib ki, ticarət həcminin artırılması üçün böyük potensial var.
A.Axundov